SİYASƏT
Gəncədə törədilən cinayətlər ölkəmizin ən böyük sərvəti olan sabitliyi pozmaq cəhdi idi
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 10-da Gəncədə törədilən qanlı cinayət və iğtişaş cəhdi ölkəmizin ən böyük sərvəti olan sabitliyi pozmaq məqsədi daşıyırdı. Bu gün Azərbaycan dünyada daha çox ehtiyac duyulan möhkəm sabitliyə və dayanıqlı təhlükəsizlik mühitinə malikdir. Şahidik ki, dünyada qanlı münaqişə ocaqlarının sayı sürətlə artmaqdadır. Terroru özlərinin maraqlarının təmin olunmasının əsas alətinə çevirən müəyyən dairələr münaqişələrin və idarə olunan xaosun sərhədlərinin genişləndirilməsi üçün bütün vasitələrə əl atırlar. Qanlı münaqişələrlə zəngin indiki zamanda Azərbaycan Respublikası sözün əsl mənasında bir təhlükəsizlik və sabitlik adasıdır. Dünyada xaosun və anarxiyanın himayədarları ölkəmizdəki sabitliyi və təhlükəsizliyi pozmaq istiqamətində zaman-zaman cılız addımlar atıblar. Lakin hər dəfə də belə addımlar elə başlanğıcından fiaskoya uğrayıb. Təbii ki, bu hər şeydən öncə, Azərbaycan xalqının əzmi, ayıq-sayıqlığı, dövlətə və dövlətçiliyə dərin bağlılığı sayəsində mümkün olub. Azərbaycanda xalq-iqtidar birliyi həmişə öz sarsılmazlığını göstərib. Əldə etdiyimiz bütün nailiyyətlər bizim milli sərvətimizdir. Ölkəmizdəki sabitlik və təhlükəsizlik mühiti isə ən qiymətli sərvətimizdir. Azərbaycan bu əsaslar üzərində öz inkişafını davam etdirir, milli maraqlarını əzmlə müdafiə edir, dövlətçiliyini və suverenliyini gücləndirir. Gəncədə törədilən hadisə bir daha göstərdi ki, Azərbaycan ərazisində terrorla, dağıdıcılıq fəaliyyətlə məşğul olanların heç bir sosial bazası yoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri iyulun 10-da Gəncədə törədilən iğtişaşa münasibət bildirən siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu söyləyib.
Onun sözlərinə görə, gəncəlilər yaradıcı, qurucu, dövlətçilik tarixinə və ənənələrinə möhkəm tellərlə bağlı insanlardırlar. Gəncəni siyasi vandalizmin mərkəzinə çevirmək cəhdləri qətiyyətlə dəf olunur və hər zaman da olunacaq. Azərbaycan dövləti və xalqı bir daha sübut etdi ki, xaricdən gələcək istənilən təhdidin, təhlükənin qarşısını qətiyyətlə almaq əzmindədir. Azərbaycan cəmiyyətində parçalanma, qütbləşmə yaratmaq cəhdləri beşiyindəcə boğulacaq.