REGİONLAR
Gəncənin küçə və prospektləri asfaltlanır
Gəncə, 16 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə icra olunan su və kanalizasiya xətlərinin yenidən qurulması layihəsinə uyğun olaraq, şəhərin qazılmış küçə və prospektlərinə asfalt örtüyünün salınması işləri davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda şəhərin Müseyib Bağırov və Nəriman Nərimanov küçələrində yollara asfalt döşənir, səkilər istifadəyə yararlı hala salınır, işıqlandırma sistemləri quraşdırılır.
Artıq eni 9 metr, uzunluğu 1 kilometr olan Dədə Qorqud küçəsində asfalt örtüyünün yenilənməsi başa çatdırılıb. Nəriman Nərimanov prospektindən Gülüstan qəsəbəsinə doğru hissədə isə hərəkət üçün yaranan çətinliklər aradan qaldırılır.
Qeyd edək ki, prospekt və küçələrin asfaltlanma işləri “Gəncə Körpü Tikinti” ASC-nin 20 ağır texnikası həyata keçirir.