REGİONLAR
Gənclər Fondu şimal-qərb bölgəsinin gənclərini 11-ci qrant müsabiqəsində fəal iştirak etməyə çağırır
Şəki, 13 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) gənclər və gənclər təşkilatları üçün elan etdiyi 11-ci qrant müsabiqəsinin növbəti təqdimat tədbiri sentyabrın 13-də Şəki şəhərində reallaşıb.
Şəhər Mədəniyyət Mərkəzinin iclas zalında keçirilən regional tədbirdə Gənclər Fondunun təmsilçiləri, Şəki-Zaqatala bölgəsi rayonlarının gənclər və idman idarələrinin, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək, ölkəmizdə həyatın bütün sahələri kimi, gənclərlə iş sahəsinə də dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyini, gənclərin istək, rəy və təkliflərinə xüsusi önəm verildiyini bildirib. Vurğulanıb ki, gənclərin fəaliyyəti üçün yaradılan geniş imkanlar nəticəsində onlar artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib.
AZGF-nin Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov Gənclər Fondunun fəaliyyət istiqamətləri və vəzifələri, gənclər təşkilatlarına təqdim etdiyi imkanlar və Fondun 11-ci qrant müsabiqəsi haqqında ətraflı məlumat verib. Bildirilib ki, Fondun fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirməkdən, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkilindən, həmçinin gənclərə maliyyə köməyi nəzərdə tutan layihələri dəstəkləməkdən ibarətdir.
Diqqətə çatdırılıb ki, bu məqsədlə AZGF bu il avqustun 28-də gənclər və gənclər təşkilatları üçün 11-ci qrant müsabiqəsi elan edib. Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləməkdir. Gənclər Fondu 18-29 yaşlı gəncləri və gənclər təşkilatlarını 11-ci qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini təqdim etməyə çağırır. Layihə təklifləri sentyabrın 23-dək Gənclər Fondunun rəsmi internet səhifəsi (www.youthfoundation.az) vasitəsilə qəbul olunur.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Belə tədbirlərin ölkənin digər regionlarında da keçirilməsi nəzərdə tutulur.