CƏMİYYƏT
Gənclər Təşkilatları Milli Şurasının növbəti yığıncağı keçirilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) növbəti məclisi keçirilib.
Şuranın mətbuat katibliyindən AZƏRTAC-a verilən məlumata görə, 68 gənclər təşkilatının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilmiş məclisi qurumun rəhbəri Məryəm Məcidova açıb.
Sonra məclisin gündəliyi təsdiqlənib.
ARGTMŞ-in baş katibi Azər Əliyev qurumun 2020-ci ilin mart-sentyabr aylarındakı fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edərək həyata keçirilmiş layihələr və tədbirlər haqqında məlumat verib.
Sonra Şuranın mərkəzi nəzarət-təftiş komissiyasının sədri Sona Abdullayeva son altı aylıq maliyyə hesabatını təqdim edib.
Məclisdə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədri Fərhad Abdulov, “Böyük Yol” Gənclər İctimai Birliyinin sədri Qoşqar Qurbanov və “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyinin sədri Orduxan Qəhrəmanzadə ARGTMŞ-ə tamhüquqlu üzv olmaq üçün müraciət ediblər.
Çıxışlardan sonra onlayn səsvermə keçirilib və həmin təşkilatlar Şuraya üzv qəbul olunub.
Sonra Gənclər Təşkilatlarının Resurs Mərkəzi barədə təqdimat olub.
Yekunda ARGTMŞ-in XVII hesabat-seçki qurultayının noyabrın 21-də keçirilməsi qərara alınıb.