REGİONLAR
Gənclər Vətən müharibəsinin iştirakçıları ilə görüşüblər
Naxçıvan, 19 fevral, AZƏRTAC
Vətən müharibəsində qazandığımız şanlı Qələbənin 100-cü günü ərəfəsində Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən muxtar respublikanın Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva 2020-ci ildə gənclərimizin qazandığı ən böyük uğurun Vətən müharibəsində göstərdikləri şücaət və qazandığımız tarixi Qələbəmiz olduğunu vurğulayıb. Bildirilib ki, bu Qələbə Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, böyük siyasi iradəsi, Azərbaycan əsgərinin gücü, gənclərimizin Vətən sevgisi, xalq birliyi ilə qazanılıb. Otuz ilə yaxındır işğal altında olan ərazilərimiz ordumuzun qəhrəman övladlarının yüksək döyüş bacarıqları sayəsində azad edilib. Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı canını Vətən uğrunda fəda edərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın, sağlamlıqlarını itirən qazilərimizin hər biri ilə fəxr edir, qürur duyuruq.
Görüş zamanı Əlahiddə Ümumqoşun Ordunun zabitləri, Vətən müharibəsi iştirakçılarından baş leytenant Cavidan Axundzadə, baş gizir Nail Eyvazov, gizir İmran Səfizadə çıxış edərək bildiriblər ki, İkinci Qarabağ müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlar ölkəmizdə və muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir. Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edib və qələbə sevincini yaşayıblar.
Müharibə iştirakçıları döyüşlər barədə öz xatirələrini bölüşüb, Vətənin azadlığı və suverenliyi uğrunda istənilən anda bundan sonra da vuruşmağa hazır olduqlarını bildiriblər.
Sonra hərbçilər gənclərin suallarını cavablandırıblar. Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.