REGİONLAR
Gənclər informasiya müharibəsində fəal olmalı, düşmənə adekvat cavab verməlidirlər
Bərdə, 30 iyul, AZƏRTAC
Bərdə Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İnformasiya müharibəsində adekvat davranışın vacibliyi” mövzusunda videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin təkcə qoşunların təmas xəttində, hərbi müstəvidə deyil, həm də informasiya sahəsində aparıldığını bildirib. Qeyd edib ki, Azərbaycanın hər bir vətəndaşı, xüsusən də gənclər informasiya müharibəsində fəal olmalı, düşmənə adekvat cavab verməlidirlər. Azərbaycan həqiqətlərinin dünyaya, xüsusən də münaqişələrin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara, beynəlxalq institutlara çatdırılması üçün geniş imkanlar mövcuddur. Gənclər bu imkanlardan istifadə etməlidirlər.
Videokonfransda Bərdə Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Rauf Rzayev, Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul şəxsi Şamxal Yaqubov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Şəmsiyyə Abbasova, Yeni Azərbaycan Partiyası rayon təşkilatının təlimatçısı Elmir Məmmədov, İctimai Televiziyanın Qarabağ üzrə bölgə müxbiri, AMEA-nın Fəlsəfə İnstitunun dissertantı Şöhrət Eyvazov mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda bildirilib ki, müharibədə qələbəni təkcə döyüş bölgəsində deyil, həm də informasiya cəbhəsində qazanılan uğurlar təmin edir. Aparılan bu informasiya müharibəsində ölkəmizin qalib gəlməsi üçün gənclər də fəal rol oynamalıdırlar. Milli maraqlar səviyyəsinə qaldırılmalı olan bu siyasətin uğurla həyata keçirilməsində xaricdə yaşayan və təhsil alan vətəndaşlarımızın üzərinə daha çox məsuliyyət düşür.
Konfransda Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov mövzu ilə bağlı tarixi faktları misal gətirərək, gənclərə tövsiyyələrini bildirib. Videokonfransda gəncləri maraqlandıran suallar cavablandırılıb.