CƏMİYYƏT
Gənclər sahəsində işləyən əməkdaşlar üçün sosial mediadan səmərəli istifadəyə dair təlim keçirilib
Bakı, 27 iyul, AZƏRTAC
Samux, Tovuz, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy rayonlarının, Gəncə, Mingəçevir və Yevlax şəhərlərinin Gənclər və İdman idarələrinin, Gənclər evlərinin əməkdaşları üçün Gəncədə “Sosial mediadan səmərəli istifadəyə dair biliklərin təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim kursunda feysbuk, tvitter, instaqram, yutub və digər sosial şəbəkə platformalarında gəncləri maraqlandıran kontentlərin gücləndirilməsi, məlumatların gənclərə daha asan və qısa formada çatdırılması, təhlillərin aparılması, müxtəlif proqramlarda işləmək, datanın yaradılması və gündəlik işin elektronlaşdırılması, tədbirlərin sosial şəbəkələrdə düzgün kommunikasiyasının qurulması, səhifələrin düzgün tərtibatı, məsafədən idarəetmənin asanlaşdırılması və s. məsələlərlə bağlı ətraflı məlumat verilib. Həmçinin nəzəri biliklərin praktikada tətbiqi öyrədilib, bilik və bacarıqlar təkmilləşdirilib.
Təlimlərin bütün şəhər və rayonların Gənclər və İdman idarələrinin və Gənclər evlərinin nümayəndələri üçün təşkili nəzərdə tutulub.