CƏMİYYƏT


Gənclər üçün növbəti festival keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Abşeron rayonu ərazisindəki məcburi köçkünlər üçün salınmış 1000 ailəlik yaşayış kompleksində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə növbəti “Gənclərin inteqrasiya və fəallığa təşviqi” festivalı keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, festivalda məqsəd qaçqın və məcburi köçkün ailələrdən olan gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların ictimai fəallığını artırmaqdır.

Festivalda məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifah halının yüksəlməsi, məşğulluğunun təmin edilməsi üçün mühüm tədbirlər görür.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllini diqqətdə saxlayır.

Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov tədbirdə geniş təqdimatla çıxış edib. Məcburi köçkünlərə Fondun fəaliyyət istiqamətləri, gənclər üçün yaradılan imkanlar və onların faydalana biləcəyi proqramlar haqqında ətraflı məlumat verib.

Festival qəsəbədə məskunlaşan yeniyetmələr və gənclər arasında müxtəlif intellektual oyunların, əyləncəli yarışların keçirilməsi ilə yekunlaşıb.

Festivalın növbəti dəfə Gəncə şəhərində və Biləsuvar rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrdə keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.