CƏMİYYƏT


Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilir

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-də Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının zalında təşkil olunan səsvermə prosesində seçkilərdə iştirak üçün qeydiyyata alınmış 163 təşkilatın təmsilçiləri iştirak edirlər. İctimai Şuranın 15 nəfərdən ibarət tərkibdə formalaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 1994-cü ildən Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şura fəaliyyət göstərir. İctimai Şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclər təşkilatlarının iştirakını təmin etməkdir. İndiyədək şuranın iclaslarında Prezident, Milli Məclis və bələdiyyə seçkilərində gənclərin iştirakı, qanunların və dövlət proqramlarının layihələri, Azərbaycan gənclərinin forumlarının keçirilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair faktların dünya ictimaiyyətinə çatdırılması, gənclərin sosial şəbəkələrdə fəaliyyəti və s. məsələlər müzakirə olunub, dünyada və respublikada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilib.

Gənclər və İdman Nazirliyi yanında İctimai Şura formalaşdırıldıqdan sonra Gənclərlə İş üzrə İctimai Şuranın fəaliyyətinə xitam veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.