CƏMİYYƏT
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yerli” layihəsinə qeydiyyat başlayıb
Bakı, 24 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yerli” layihəsinə qeydiyyat başlayıb.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, layihəyə əsasən, ölkəmizin regionlarında (kəndlərdə) yaşayan 200 gəncin informasiya texnologiyaları sahələrində bilik və bacarıqlarının artırılmasına dəstək çərçivəsində təlimlər olacaq.
Təlimlər peşəkar mütəxəssislər tərəfindən veb proqramlaşdırma, android və ya İOS proqramlaşdırma, microsoft office, qrafik dizayn, IT dəstək “Help Desk”, sosial media marketinq təlimləri ilə bağlı mövzular üzrə ödənişsiz olaraq, şəhər, rayonlardakı Gənclər Evlərində təşkil ediləcək.
Təlimdə iştirak etmək istəyənlər mayın 24-dən 31-dək https://bit.ly/3Nr939i linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd olunub ki, təlimdə iştirak etmək istəyən şəxslərə onlayn qeydiyyat zamanı iki ədəd seçim təqdim edilir. Qeydiyyat zamanı birini əsas ixtisas, digərini isə ikinci ixtisas olaraq mütləq seçməlisiniz. Seçdiyiniz əsas ixtisas üzrə yaşadığınız rayonda yetərli sayda iştirakçı yığılmadığı təqdirdə sizə seçdiyiniz ikinci ixtisas üzrə dəvət göndəriləcək.
Təlimlər üç ay müddətində (iyul-sentyabr) davam edəcək və dərslər həftə içi keçiriləcək.
İştirak etmək istəyənlər iyunun 5-i saat 11:00-13:00 arasında təməl kompüter biliklərini ölçən onlayn imtahanda mütləq iştirak etməlidirlər. Onlayn seçim imtahanında yüksək nəticə əldə edən şəxslər layihədə iştirak etmək hüququ qazanacaqlar.