CƏMİYYƏT
Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edib
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhərindəki Gənclər Mərkəzində Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayonlarının sakinlərini qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 20-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda müxtəlif sahələrə dair müraciətlər əksini tapıb.
Gənclər sahəsinə aid müraciətlər əsasən, qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, müxtəlif layihələrin maliyyələşdirilməsi və onlara dəstək göstərilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqla təminatı və fəaliyyəti ilə bağlı məsələlərə aid olub.
İdman sahəsi üzrə isə müraciətlər arasında isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqla təmin olunması, Olimpiya İdman komplekslərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrinin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. mövzular üstünlük təşkil edib.
Qəbulda bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.