İDMAN


Gənclər və idman naziri dünya çempionatında uğurla çıxış etmiş Azərbaycan karateçiləri ilə görüşüb

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də gənclər və idman naziri Fərid Qayıbov bu yaxınlarda dünya çempionatında uğurla çıxış etmiş Azərbaycan karateçiləri ilə görüşüb.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov noyabrın 16-22-də Dubayda keçirilmiş dünya çempionatına hazırlıq və idmançılarımızın nəticələri haqda, eləcə də idmançılarımızın son zamanlarda iştirak etdikləri digər yarışlardakı uğurları barədə nazirə məlumat verib.

F.Qayıbov karateçilərimizin ötən ay dünya çempionatındakı çıxışlarını maraqla izlədiyini və əldə etdikləri nəticənin sevindirici olduğunu vurğulayıb. Nazir Y.Bəşirovu Beynəlxalq Şotokan Federasiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib, federasiyanın fəaliyyətinə və Azərbaycan karateçilərinə uğurlar arzulayıb.

Görüşdə kişilərdən ibarət kumite yığma komandanın baş məşqçisi Qurban Tağıyev, qadınlardan ibarət kumite yığma komandanın baş məşqçisi Denis Morozov, federasiyanın baş hakimi Cahangir Babayev, para-karate üzrə yığma komandanın baş məşqçisi Rənad Əliyev də iştirak ediblər.

Xatırladaq ki, idmançılarımızdan İrina Zaretska (68 kq) dünya çempionu olub, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qazanıblar. Bundan başqa, Rafael Ağayev, Asiman Qurbanlı, Tural Ağalarzadə, Turqut Həsənov, Pənah Abdullayev, Tural Ələkbərli, Rafiz Həsənovdan ibarət komandamız, eləcə də para-karateçilərimizdən Emiliya Mitilinova və Eldar Əhmədov dünya üçüncüsü olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.