İDMAN
Gənclər və idman naziri nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb
Bakı, 27 sentyabr, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüşüb.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İdmançıları salamlayan F.Qayıbov onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib. Nazir bildirib ki, son vaxtlar belə görüşlər ənənə halını alıb və bunun da əsas səbəbi idmançıların beynəlxalq yarışlarda qazandıqları qələbələrin sayının günbəgün artmasıdır.
Atıcılıq, bədii gimnastika, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, kəmər güləşi, aba güləşi, sambo, parabadminton, stronqmen və digər idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.