REGİONLAR
Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması əsas vəzifələrdəndir
İmişli, 3 iyun, Mahir Babayev, AZƏRTAC
Torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir vaxtda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onların layiqli vətəndaş kimi böyüməsi qarşıda duran əsas vəzifələrdəndir. İmişli rayonunda keçirilən “Vətənin müdafiəsinə hazıram!” hərbi vətənpərvərlik tədbiri məhz bu amala xidmət edib.
AZƏRTAC xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev tədbirdə çıxış edərək dövlətimizin başçısının ordu quruculuğuna göstərdiyi qayğıdan danışıb, yüksək hərbi peşəkarlığa qadir Silahlı Qüvvələrimizin doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığını, işğal altındakı ərazilərimizin tezliklə yağı düşməndən azad olunacağını vurğulayıblar.
Tədbirdə, həmçinin gənclərin Vətənimizin müdafiəsi, qədim tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində fəal iştirak etdikləri, mədəniyyət, idman, elm və digər sahələrdə parlaq nailiyyətlər qazandıqları diqqətə çatdırılıb.
Hərbi vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və İmişli rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusuna həsr edilən maraqlı proqramla çıxış ediblər.
Sonda ordumuzun döyüş hazırlığından bəhs edən film nümayiş etdirilib.