REGİONLAR
Gənclərin milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi daim diqqət mərkəzində saxlanılır
Şəmkir, 9 yanvar, AZƏRTAC
Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Şəmkir rayonunda fəaliyyət göstərən könüllülərlə görüşdə səsləndirilib.
Şəmkir Gənclər Mərkəzində keçirilən tədbirdə icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov əvvəlcə gəncləri, könüllüləri 2020-ci ilin “Könüllülər ili” elan olunması münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır.
Tədbirdə vurğulanıb ki, ölkəmizdə “Könüllülər ili” elan edilməsi insanların sülhsevərlik, xeyirxahlıq kimi ümumbəşəri dəyərlər ətrafında birləşməsinə, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs verəcək.
Qeyd edək ki, respublikamızın hər yerində olduğu kimi, Şəmkirdə də 2020-ci ilin “Könüllülər ili” elan olunması gənclər, xüsusilə də rayonda fəaliyyət göstərən könüllülər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır.