REGİONLAR
Gənclərin nəcib təşəbbüsü uşaqları sevindirib
Şəmkir, 6 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Şəmkirdə "Gənc Həkimlər Birliyi" və "Gənc Tərbiyəçilər Birliyi" xeyirxah təşəbbüslə çıxış ediblər. Belə ki, əvvəlcə “Gənc Həkimlər Birliyi”nin üzvləri uşaqları tibbi müayinədən keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müayinə zamanı uşaqlarda bəzi xəstəliklər vaxtında aşkarlanıb.
Həmin xəstəliklərlə bağlı tərbiyəçilərə və valideynlərə müvafiq tədbir görülməsi üçün lazımi tövsiyələr verilib. Bəzi xəstəliklərin aşkar edildiyi uşaqlar isə əlavə müayinələr üçün ixtisaslı tibb mərkəzlərinə göndərilib.
Xoşniyyətli aksiya nəticəsində Şəmkir şəhər 2 saylı körpələr evi-uşaq bağçasının, ümumilikdə, 110 nəfər uşağı müayinədən keçirilib.
Sonra isə "Gənc Tərbiyəçilər Birliyi" uşaqlara kukla teatrı nümayiş etdirib. Eyni zamanda, musiqi müəllimlərinin ifasında şən mahnılar səsləndirilib.