CƏMİYYƏT
“Gender problemləri və media” mövzusunda seminar başa çatıb
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının (Aİ) TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində “Gender problemləri və media” mövzusunda keçirilən ikigünlük seminar yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, seminarın ikinci günündə “Məişət və gender əsaslı zorakılıq hallarında mətbuatda balanslı və gender stereotiplərdən uzaq təsvirin yaradılmasının təbliği” məsələsi müzakirə olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Məişət və gender əsaslı zorakılıq hallarının mətbuat tərəfindən işıqlandırılması: milli və dünya təcrübəsinin müqayisəsi”, Daxili İşlər Nazirliyinin əməkdaşı Əkbər Əkbərov “Qadınlara qarşı törədilmiş cinayətlər və onların mətbuatda işıqlandırılması”, Əməkdar Jurnalist Flora Xəlilzadə “Məişət zorakılığı və mətbuat”, Ombudsman Aparatının elmi-analitika sektorunun baş məsləhətçisi Lamiyə Zeynalova “Gender bərabərliyinin təbliğində Ombudsman Aparatı ilə medianın əməkdaşlığı” mövzularında məruzələrlə çıxış ediblər. Eyni zamanda, öz ölkələrindən “Skype” vasitəsilə qoşulan əcnəbi ekspertlərin məsələ ilə bağlı mövcud vəziyyətdən bəhs edən məruzələri dinlənilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva seminarın sonunda bildirib ki, cəmiyyətdə gender məsələləri ilə bağlı problemlərin həll olunması istiqamətində birgə fəaliyyətin aparılmasına ehtiyac var. “Dünyada bu problemlərlə məşğul olan media nümayəndələri gender media birlikləri yaradıblar. Azərbaycanda jurnalistlərin belə bir birlik yaratmaq təşəbbüsü olarsa, biz onları dəstəkləməyə hazırıq”, - deyə sədr müavini bildirib.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.