ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunda xaricdə aparılan tədqiqatlardan danışılıb
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Nyu-York Ştat Universitetinin Məhkəmə-Tibbi Ekspertiza Biologiyası fakültəsində təhsil alan Əsmər Əliyeva tədqiqat sahəsi üzrə “Azərbaycan populyasiyası üçün STR allel tezlikləri databazasının GlobalFiler kiti ilə təkmilləşdirilməsi” mövzusunda təqdimatla çıxış edib. O, tədqiqat işini Arati İyengarın rəhbərliyi altında Nyu-York Ştat Polisinin Məhkəmə Ekspertizası laboratoriyası ilə birgə çalışan Şimal Şərqi Regional Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun laboratoriyasında aparır.
Sonra GEİ-nin İnsan genetikası qrupunun elmi işçisi, ABŞ-ın Şimali Karolina Universitetində Nobel mükafatı laureatı Aziz Sancarın laboratoriyasında tədqiqat işi aparmış Xaqani Eynullazadə gördüyü işləri təqdim edib.
Daha sonra İnsan genetikası qrupunun elmi işçisi, AMEA və Fransanın Monpelye Universiteti tərəfindən birgə PhD proqramı üzrə müsabiqənin qalibi olmuş Səbinə Fərhadova apardığı tədqiqatlardan danışıb. O, tədqiqatlarını Monpelye Universitetindən Robert Feil və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanovun rəhbərliyi altında aparır.