ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat bazası işğaldan azad edildikdən sonra bərpa olunacaq
Bakı, 1 oktyabr, AZƏRTAC
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Ağdərə bölgəsində yerləşən Qarabağ Elmi-Tədqiqat bazası 1950-ci ildən 1989-cu ilin iyul ayına qədər dünyada tanınmış nümunəvi elmi müəssisə kimi fəaliyyət göstərib. Bazanın əsas fəaliyyət istiqamətləri dənli-taxıl, paxlalı, yem, texniki, meyvə, giləmeyvə, üzüm və sair bitkilərin və kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatlarının toplanması, öyrənilməsi, seleksiyada səmərəli istifadə olunması, yeni bitki sortları və heyvan cinslərinin yaradılması, onların ilkin toxumçuluğunun və damazlıq işinin təşkili və yayılması olub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, 1989-cu ilin iyulunda erməni təcavüzkarları tərəfindən Qarabağ Elmi-Tədqiqat bazası zəbt edilib. Bazanın 1694 hektar torpaq sahəsi, yaşayış evləri, inzibati, təsərrüfat binaları, toxumtəmizləmə zavodu, anbarları, maldarlıq üçün ferma binaları, artezian quyuları, transformator stansiyaları, çoxlu miqdarda traktor, kombayn və digər kənd təsərrüfatı maşınları, avadanlıqları, cins mal-qara sürüləri, meyvə, üzüm, subtropik bitkilərin genofond bağları və s. zəbt edilib. İnstitutun kollektivi əmindir ki, Azərbaycan Ordusu tərəfindən aparılan uğurlu əməliyyatlar qələbəni yaxınlaşdırır. Bütün torpaqlarımız, o cümlədən də Qarabağ Elmi-Tədqiqat bazası tam şəkildə işğaldan azad edilərək qısa müddətdə bərpa ediləcək, orada yenidən geniş həcmdə elmi-tədqiqat işləri aparılaraq ölkənin ərzaq təhlükəsizliyinə töhfələr veriləcək.