CƏMİYYƏT
Geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən zondlanması üzrə Dövlətlərarası Şuranın növbəti sessiyası keçirilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən zondlanması üzrə Dövlətlərarası Şuranın 43-cü sessiyası videokonfrans formatında keçirilib.
Sessiya iştirakçılarının müzakirəsinə yeddi məsələ çıxarılıb: MDB ölkələrinin kartoqrafiya və geodeziya xidmətlərinin rəhbərləri və nümayəndələrinin ötən görüşünün qərarlarının yerinə yetirilməsinin nəticələri, eləcə də Şuranın Katibliyinin və işçi qruplarının sessiyalararası dövr ərzində fəaliyyətinin nəticələri, MDB-nin iştirakçısı olan dövlətlərin geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən zondlanması sahəsində kadr hazırlığında əsas təşkilat olaraq Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin fəaliyyəti və s. AZƏRTAC MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sahənin və milli iqtisadiyyatların dayanıqlı inkişafını təmin edən insan potensialının inkişafı məqsədilə şəbəkə universitetinin yaradılması təklifinin dəstəklənməsi qərara alınıb.
Sessiyada MDB-nin iştirakçısı olan dövlətlərin geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən zondlanması sahəsində elmi-texniki baza təşkilatının Əsasnaməsinin layihəsi ümumilikdə təsdiq edilib. Sənəd müəyyən edilmiş qaydada MDB Xarici işlər nazirləri Şurasına baxılmaq üçün təqdim olunacaq.
Dövlətlərarası Şuranın üzvləri, həmçinin 2025-ci ilə qədər MDB-nin iştirakçısı olan dövlətlərin geodeziya, kartoqrafiya, geoinformasiya texnologiyaları, Yerin məsafədən zondlanması, kadastr və daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində əməkdaşlıq Konsepsiyasını və 2025-ci ilə qədər Dövlətlərarası Şuranın fəaliyyət istiqamətlərinin həyata keçirilməsi üzrə Fəaliyyət Planını ("yol xəritəsi") təsdiq ediblər, bir sıra digər məsələləri nəzərdən keçiriblər.