ELM VƏ TƏHSİL
Geologiya və Geofizika İnstitutu media qurumlarını mükafatlandırıb
Bakı, 22 noyabr, AZƏRTAC
Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda ölkənin kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov bu qurumun tarixi və əsas elmi istiqamətlərindən söz açıb. Bildirib ki, fəaliyyət göstərdiyi 80 il ərzində institut bir sıra mühüm nailiyyətlər əldə edib, ölkə elminə əhəmiyyətli töhfələr verib.
Alim qeyd edib ki, institut uzun illər ərzində geoloji elmlərin inkişafında, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin, palçıq vulkanizminin və geoloji proseslərin riyazi modellərinin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərin həllində böyük rol oynayıb.
D.Hüseynov Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri tərəfindən “Azərbaycanın palçıq vulkanları Atlası”nın hazırlandığını, qurumun bir neçə aliminin fəxri fərman, eləcə də müxtəlif dövlət mükafatları ilə təltif olunduqlarını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatı mətbuat və informasiya idarəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ülviyyə Rzayeva dünyada elm və texnikanın inkişafı ilə elmi informasiyaya tələbatın daha da artdığını qeyd edərək, bu gün cəmiyyətin elmi mövzuları böyük maraqla izlədiyini bildirib.
Ü.Rzayeva elmin populyarlaşdırılması və təbliğinin yüksək səviyyədə həyata keçirilməsinin önəmliyini vurğulayaraq, bu sahədə mövcud problemlərə toxunub: “Elmin populyarlaşdırılmasında əsas məsələlərdən biri də ixtisaslaşmadır. Təcrübə göstərir ki, ixtisaslaşma və jurnalistika təhsili vəhdət təşkil etdikdə daha yüksək nəticələr əldə olunur”.
Rəis müavini Geologiya və Geofizika İnstitutunun elmi nailiyyətlərinin təbliğində fəal iştirak edən, geologiya elminin müxtəlif istiqamətlərinin populyarlaşdırılması sahəsinə öz töhfələrini verən həmkarlarına fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə institutun petrologiya şöbəsinin müdiri, akademik Arif İsmayılzadə, palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şirməmməd Nəzərli və digərləri çıxış edərək Geologiya və Geofizika İnstitutunun kütləvi informasiya vasitələri ilə hər zaman sıx əməkdaşlıq etdiyini, qurumun fəaliyyətinin mətbuat orqanlarında geniş şəkildə işıqlandırıldığını qeyd ediblər.
Daha sonra institutun elmi fəaliyyətini müntəzəm və ətraflı işıqlandırdığına görə bir qrup media qurumu, o cümlədən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) fəxri fərmanla təltif olunub.