ELM VƏ TƏHSİL
Geologiya və Geofizika İnstitutu yubiley tədbirinə hazırlaşır
Bakı, 15 fevral, AZƏRTAC
Bu il Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) yaradılmasının 80 ili tamam olur. İnstitut uzun illər ərzində geoloji elmlərin inkişafına, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin, palçıq vulkanizminin və geoloji proseslərin riyazi modellərinin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərin həllinə, həmçinin Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmlənməsinə, neft strategiyasının həyata keçirilməsinə böyük töhfələr verib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun əldə etdiyi elmi nailiyyətlərin əsasında Azərbaycan geologiya elminin korifeyləri tərəfindən yaradılmış elmi məktəblər dayanır. Fəaliyyət göstərdiyi 80 il ərzində müəssisə bir sıra ciddi elmi nailiyyətlər qazanıb. Onlardan üçölçülü modelləşmə əsasında istilik rejiminin təkamülü, neft-qazəmələgəlmə ocaqlarının zaman və məkanda rekonstruksiyası, flüidlərin kollektor səciyyələri və faza hallarının qiymətləndirilməsi, Azərbaycanın depresion zonalarının pliosen-dördüncü dövr çöküntülərinin geotermal enerji ehtiyatlarının kəmiyyətcə qiymətləndirilməsi və onların istifadəsi üçün ilkin obyektlər ayrılması kimi işləri qeyd etmək olar.
İnstitut Yaponiya, Almaniya, ABŞ, Çin, İtaliya, Rusiya, Fransa, Ukrayna, Gürcüstan və s. ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq edir. GGİ-nin fəaliyyət göstərdiyi dövr ərzində aparılan elmi tədqiqatların nəticələri 6044-dən artıq məqalədə, 115-dən artıq müəlliflik şəhadətnaməsində, 260-dan artıq kitab və monoqrafiyalarda öz əksini tapıb. İnstitutda 63 elmlər doktoru, 188 fəlsəfə doktoru hazırlanıb.
AMEA Rəyasət Heyətinin qərarına əsasən, cari ildə bu qurumun 80 illik yubileyinə həsr olunan iclasın və elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulub.