ELM VƏ TƏHSİL
Geologiya və Geofizika İnstitutunda “Geomexanika” mövzusunda növbəti seminar
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” layihəsi çərçivəsində “Geomexanika” mövzusunda növbəti seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə layihənin rəhbəri, akademik Hətəm Quliyev “Yerin bərk nüvəsi haqqında yenilik” mövzusunda məruzə ilə çıxış edib. Vurğulanıb ki, Yerin quruluşunun və mühitinin tərkibinin nəzəri modelləri təzyiqin, sıxlığın, elastiki parametrlərin və hal tənliklərinin paylanması məlumatları əsasında formalaşıb. Bu qanunauyğunluqlar Yerin kütləsi, ətalət momenti, məxsusi rəqsləri, Yerin öz oxu ətrafında nutasiyası və seysmotomoqrafiya tədqiqatlarının nəticələri kimi inteqral meyarlara cavab verir.
İşlə əlaqədar müvafiq mövzularda ingilis və rus dillərində hazırlanan məqalələr bir sıra nüfuzlu jurnallarda dərc olunmaq üçün qəbul edilib.