ELM VƏ TƏHSİL
Geologiya və Geofizika İnstitutunda nəşr edilən jurnal yüksək reytinq qazanıb
Bakı, 16 sentyabr, AZƏRTAC
AMEA-nın Geologiya və Geofizika İnstitutunda nəşr edilən “ANAS Transactions, Earth Sciences” elmi jurnalı “Scopus” beynəlxalq məlumat bazasının indeksləşmə reytinqini qazanıb və nəşrə h-index (1) rəqəmi verilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd edilib ki, jurnalın yüksək dəyər alması dərc olunan məqalələrin elmi mahiyyəti, məqalələrin beynəlxalq biblioqrafik standartlara uyğun tərtib olunması və ciddi resenziyadan keçməsi, məqalələrdə tədqiqatçıların elmi məhsuldarlığının uğurlu nümayişinə görə mümkün olub.
Xatırladaq ki, 1958-ci ildə təsis edilmiş “Xəbərlər. Yer elmləri” adlı jurnal 2018-ci ildən “ANAS Transactions, Earth Sciences” adı ilə nəşr olunur. 2020-ci ildə jurnal nüfuzlu “Scopus” beynəlxalq məlumat bazasına daxil edilib.
Jurnalın redaktoru Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadədir.