CƏMİYYƏT
Georadiolokasiya zəlzələləri proqnozlaşdırmağa kömək edəcək
Bakı, 11 oktyabr, AZƏRTAC
Rusiyanın Yer Qabığı İnstitutunun alimləri təhlükəli zəlzələlərin əlaqədar olduğu qırılma ( Yer qabığı yarıqları) kimi pozuntuların xüsusiyyətlərini öyrənmək üçün georadiolokasiya metodunu tətbiq ediblər. Onlar Yerin fəal yarıqlarını və zəlzələlərlə bağlı olan geoloji prosesləri tədqiq ediblər. Tədqiqatlar Rusiya Elm Fondunun (REF) qrantının köməyi ilə aparılıb. AZƏRTAC “indicator.ru” saytına istinadla xəbər verir ki, “Russian Geology and Geophysics” jurnalında bu barədə məqalə dərc olunub.
Alimlər yarıqların parametrlərini ölçməyi öyrənmək üçün georadiolokasiya məlumatlarından maksimum faydalanmağa çalışırlar. Həmin parametrlər bahalı və böyük zəhmət tələb edən metodların müxtəlif səbəblərdən işə yaramadığı yerlərdə seysmik və geoloji təhlükələri qiymətləndirmək üçün lazımdır.
Geoloqlar Mondin yarığını öyrəniblər. 1950-ci aprelin 4-də baş vermiş 6,9 maqnitudalı güclü zəlzələ bu yarıqla bağlı olub. Həmin zəlzələdə yaxınlıqdakı qəsəbəyə xeyli ziyan dəyib, taxta evlərin çoxu dağılıb.
Alimlər gələcəkdə zəlzələləri proqnozlaşdırmaq üçün Yer qabığında hansı proseslərin getdiyini başa düşmək istəyirlər. Onlar Yer kürəsi və onun prosesləri haqqında aktual və faydalı informasiya əldə etmək üçün məlumatların geoloji interpretasiyasına yanaşmanı təkmilləşdirirlər.