CƏMİYYƏT
Gerogi Mamuliya: “Ötən əsrdə Cənubi Qafqazın müstəqilliyinin süqutunda Ermənistanın xüsusi rolu olub”
Tbilisi, 9 noyabr, AZƏRTAC
Noyabrın 9-da Tbilisidə “Zaqafqaziyanın müstəqilliyi uğrunda mübarizə” adlı kitabın gürcü dilinə tərcümə olunmuş versiyasının təqdimatı olub.
Kitabda 1917-1921-ci illərdə Azərbaycan, Gürcüstan və Ermənistanın Cənubi Qafqazın müstəqilliyi uğrunda mübarizəsindən və bu mübarizədə məğlubiyyətin səbəblərindən bəhs olunub.
İrandan olan Azərbaycan əsilli tarixçi alim Firuz Kazımzadənin müəllifi olduğu kitab ilk dəfə 1951-ci ildə ingilis dilində nəşr edilib.
Kitabın elmi redaktoru Fransanın Sosial Tədqiqatlar Institutun professoru, tarix elmləri doktoru Gerogi Mamuliya AZƏRTAC-a müsahibəsində deyib: “Kitabı gürcü dilinə tərcümə etməkdə məqsəd 1917-1921-ci illərdə bu regionda baş verən hadisələr, həmin illərdə Azərbaycan və gürcü xalqlarının müstəqillik uğrunda mübarizəsi, çətinliklə əldə etdiyimiz müstəqilliyin süqutunun səbəbləri barədə gürcü ictimaiyyətinə ətraflı məlumat verməkdir. Kitabda Cənubi Qafqazın üç respublikasının müstəqillik uğrunda mübarizəsi geniş təhlil olunub. Bildirilir ki, həmin dövrlərdə Azərbaycan və Gürcüstan müstəqillik uğrunda çətin, amma gərgin və şərəfli mübarizə aparıb. Ölkələrimiz arasında çox səmərəli əməkdaşlıq mövcud olub. Azərbaycan ilə Gürcüstan 1919-cu ildə Denikin ordusuna qarşı mübarizədə birgə hərbi əməkdaşlığa dair müqavilə imzalayıblar. Bu, da bir daha sübut edir ki, Azərbaycan ilə Gürcüstan regionun inkişafı və müstəqilliyi uğrunda mübarizə aparıblar”.
Alimin sözlərinə görə, kitabda, eyni zamanda, Ermənistanın separatçı mövqeyi və anti-Qafqaz siyasəti barədə məlumatlar və tarixi faktlar da əksini tapıb. Bildirilir ki, Ermənistanın əvvəlcə Denikin ordusuna köməklik etməsi, sonradan isə bolşeviklərə qoşulması Azərbaycanın və Gürcüstanın, eləcə də bütövlükdə Cənubi Qafqazın müstəqilliyinin süqutunun əsas səbəblərindən biridir.
“Hesab edirəm ki, Ermənistanın separatçı siyasəti bu gün də davam edir. Kitabı oxuduqca başa düşmək olur ki, bu gün Cənubi Qafqaz regionunda baş verənlər məhz 1920-1921-ci illərdə Ermənistanın həmin anti-Qafqaz siyasəti ilə bağlıdır” – deyə G.Mamuliya vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi