MƏDƏNİYYƏT
Getaçyu Engida: Azərbaycan regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verir VİDEO
Paris, 13 noyabr, AZƏRTAC
Azərbaycan UNESKO-ya böyük töhfələr verib. Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan-UNESKO ikitərəfli münasibətlərinin inkişafına verdiyi töhfələri xüsusi qeyd etmək istərdim. UNESKO yanında Azərbaycanın daimi nümayəndəliyinin rəhbəri də çox fəaldır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESKO-nun Baş Konfransının 40-cı sessiyasında qurumun baş direktorunun sabiq müavini Getaçyu Engida bildirib.
Qeyd edib ki, Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Bakı gözəl şəhərdir və buna görə də onun şəbəkənin “dizayn” tematikası üzrə siyahıya salınması təsadüfi deyil.
“Dəfələrlə Azərbaycanda olmuşam və paytaxtınız buna layiq şəhərdir. Bunu əminliklə deyirəm, çünki Bakı haqqında xoş xatirələrim var. Bakının arxitekturası çox gözəldir. Konqres Mərkəzi, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi möhtəşəm arxitektura nümunələridir. Ümumiyyətlə, şəhər çox maraqlıdır. Ənənəvi Şərq memarlıq üslubu müasir üslubla inteqrasiya edilib və əsrarəngiz memarlıq nümunələri yaradılıb”, -deyə G.Engida diqqətə çatdırıb.
G.Engida Azərbaycana səfərləri zamanı ölkənin ən yüksək rəsmiləri ilə görüşdüyünü vurğulayıb. Ölkəmizin regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verdiyini bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris