İDMAN


Gimnastika üzrə “Gələcəyə addım” adlı onlayn vebinar keçirilib

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyası (AGF) İsrail Gimnastika Federasiyası ilə birlikdə ilk dəfə olaraq “Gələcəyə addım” adlı onlayn vebinar keçirib.

AZƏRTAC AGF-ə istinadla xəbər verir ki, onlayn vebinara 22 ölkədən mütəxəssislər qatılıblar. Vebinarda hazırda bütün dünyada aktual olan məsələlərə toxunulub. Bunlardan bədii gimnastikada artistizm və yaradıcılıq axtarışları, qeyri-müəyyənliyin hökm sürdüyü bir vaxtda motivasiyanın qorunub saxlanılması, yeniyetmələrin məşq etməsi və böyük idmanda qalmaları, məşqlərin səmərəliliyinin artırılması üçün texniki məsələlər, o cümlədən pandemiyadan sonra güclü yarış mövsümündə bir araya gəlinməsi və digər mövzular müzakirə olunub.

Üç gün davam edən vebinar Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvləri - Noha Abu Şabana (Misir) və İzabel Savada (Almaniya), kişi idman gimnastikası üzrə Texniki Komitənin üzvü - Cef Tomson (Kanada), məşqçi və strateji məsləhətçi – Qabriela Müller (İsveçrə), “Complex Core” üzrə fizioterapevtlər Taro Netzer (Avstriya) və Roman Yahoda (Avstriya), eləcə də, Porto və Koimbra universitetlərinin professoru - Lurdeş Avila-Karvalo (Portuqaliya) tərəfindən keçirilib.

Vebinarın Təşkilat Komitəsinin direktoru Mariana Vasileva bu tədbirlə bağlı təəssüratlarını AGF-nin saytı ilə bölüşərək deyib: “Bu vebinarı keçirməklə biz bir-birimizlə ünsiyyət qurduq, yeni məlumatlar əldə etdik, məruzəçilərlə qarşıya qoyulan sualların və digər məsələlərin həllini tapmaq imkanı əldə etdik. Bu da pandemiya zamanı vacib idi. Bu vebinar həqiqətən gələcəyə bir addım oldu. Mühazirələr çox maraqlı idi. Vebinarın bəzi iştirakçıları məşqçi və ən yüksək dərəcəli hakimlər idi. Onların hamısı belə vebinarları gələcəkdə davam etdirmək istədiklərini bildirdilər”.

Qeyd edək ki, vebinarın sonunda iştirakçılar diplomla təltif olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.