ORDU
Gizir Emin Əhmədov: Hərbi qulluqçuların maaşlarının artırılması sosial vəziyyətimizin yaxşılaşmasında mühüm rol oynayacaq
Bakı, 20 iyun, Məhərrəm Əlioğlu, AZƏRTAC
Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşlarının əhəmiyyətli dərəcədə artırılması bizim sosial vəziyyətimizin yaxşılaşmasında mühüm rol oynayacaq.
Bunu cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birinin taqım komandirinin müavini, gizir Emin Əhmədov AZƏRTAC-a müsahibəsində deyib.
E.Əhmədov bildirib: “Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun şəxsi heyətinə daim yüksək diqqət və qayğı göstərir. Ön xətdə xidmət edən hərbçi kimi deyə bilərəm ki, dövlətimizin başçısının bu addımı təkcə məni deyil, bütün hərbçiləri, o cümlədən cəbhə bölgəsində düşmənlə üz-üzə xidmət aparan zabitlərimizi, gizirlərimizi, çavuşlarımızı çox sevindirdi. Bu, Ali Baş Komandanımızın bizə yüksək diqqət və qayğısının daha bir əyani təsdiqidir”.
E.Əhmədov qeyd edib ki, ölkəmizdə ordumuzun döyüş qabiliyyətinin və maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. Bu Sərəncam zabitlərin və müddətdən artıq xidmət edən hərbi qulluqçuların rifah halını daha da yaxşılaşdıracaq, xidmətin daha da yüksəlməsinə səbəb olacaq. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, ordu quruculuğuna da böyük diqqət yetirir. Xalqımız, dövlətimiz hərbi qulluqçuların əməyini daim yüksək qiymətləndirir. Biz xidmətimiz zamanı hərtərəfli qayğı ilə əhatə olunuruq. Bir sözlə, Azərbaycan dövləti, Ali Baş Komandan hər zaman hərbçilərin yanındadır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev daim zabitlərin, gizirlərin, çavuşların sosial qayğıları ilə maraqlanır, onların problemləri həll edilir. Bütün bunlara görə biz Azərbaycan Respublikasına xidmətimizlə fəxr edirik.