İQTİSADİYYAT


Gömrük Akademiyası konsorsium çərçivəsində Avropa İttifaqının layihəsini qazanıb

Bakı, 6 avqust, AZƏRTAC

Dövlət Gömrük Komitəsi Akademiyasının iştirak etdiyi Avropa İttifaqının (Aİ) üç illik “Erasmus+” konsorsium layihəsi müsabiqənin qalibi seçilib.

Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Gömrük Akademiyasının və səkkiz ali təhsil müəssisəsinin birgə tərəfdaşlığı ilə hazırlanmış “Work4CE” konsorsium layihə təklifi Avropa İttifaqının “Eramus+” proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası üzrə qrant müsabiqəsinin qalibi olub. Bu konsorsium layihəsinə Gömrük Akademiyası ilə yanaşı, Almaniyanın Dortmund Tətbiqi Elmlər Universiteti, Belçikanın Löven Katolik Universiteti, İspaniyanın Del Pais Vasko Universiteti, Ukraynanın Milli Zaporijiya Politexnik Universiteti, Ternopil Milli İqtisad Universiteti, Kiyev Milli Memarlıq və İnşaat Universiteti, həmçinin Azərbaycan Dövlət və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti də daxildir.

Layihə cari ilin noyabr ayında başlayacaq və 2023-cü ilin noyabr ayınadək davam edəcək. Dördüncü Sənaye İnqilabının (“Sənaye 4.0”) tələb etdiyi biliklərə və bacarıqlara, xüsusilə rəqəmsal qabiliyyətlərə malik peşəkar kadrların (“İşçi Qüvvəsi 4.0”) müxtəlif ixtisas sahələrində əmək bazarı dinamikasına uyğun hazırlanması (“İş 4.0”) hədəfinə xidmət edəcək və Avropa Komissiyası (AK) tərəfindən maliyyələşdiriləcək “Work4CE” layihəsi çərçivəsində konsorsiuma üzv ali təhsil müəssisələrində yeni tədris resursları, fənlərarası tədris planları və modullar hazırlanacaq. Həmçinin tədris proqramlarının praktik dəyərini və məzunların işə qəbulunu yaxşılaşdırmaq üçün yeni (virtual) universitet - iş yeri əməkdaşlıqları qurulacaq.

Gömrük Akademiyasının bu layihədə iştirakının əsas hədəflərindən biri Azərbaycanda gömrük sahəsi üzrə təlim-tədrisin “Sənaye 4.0” və “İşçi Qüvvəsi 4.0” tələbatlarına, xüsusilə milli gömrük qurumlarının rəqəmsal transformasiyasına uyğunlaşdırılaraq təkmilləşdirilməsi, həmçinin Azərbaycan gömrük xidməti orqanlarının peşəkar və ixtisaslaşmış gömrük kadrları ilə təminatını dəstəkləməkdir.

Bu baxımdan akademiyanın beynəlxalq əməkdaşlıq və layihələr üzrə fəaliyyətində müxtəlif beynəlxalq təlim-tədris proqramları, o cümlədən Avropa İttifaqı proqramlarında iştirak əsas prioritetlərdən biridir. Bu sahədə cari yarım ildə və növbəti ildə bir çox təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.