İQTİSADİYYAT
Gömrük Komitəsi ilə “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 11-də Dövlət Gömrük Komitəsi (DGK) və “Huawei Tech. Azerbaijan” MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində DGK sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, sədrin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, komitənin müvafiq strukturlarının rəhbərləri, Çinin Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan və “Huawei” şirkətinin təmsilçiləri iştirak ediblər.
Niyyət protokolunun imzalanmasında məqsəd Dövlət Gömrük Komitəsi və “Huawei Tech. Azerbaijan” MMC arasında informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya, şəbəkə avadanlıqları və texnoloji innovasiyaların tətbiqi sahəsində qarşılıqlı dəstək və birgə layihələrin icra edilməsidir.
İ.Hüseynov bildirib ki, Azərbaycan və Çin arasında qarşılıqlı əməkdaşlıq, o cümlədən iqtisadi əlaqələr inkişaf edir. İki ölkə arasındakı mövcud dostluq münasibətlərinə söykənən əməkdaşlıqdan danışan komitə sədrinin birinci müavini Çin ilə Azərbaycan arasında uğurlu iqtisadi əlaqələrin bariz nümunəsi olaraq ticarət dövriyyəsinin ildən-ilə artdığını qeyd edib.
O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, ixrac və tranzit potensialının artırılması istiqamətində mühüm islahatlar və layihələr həyata keçirilir. Bu il Prezident İlham Əliyevin Çində keçirilən “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakını xatırladan İ.Hüseynov qeyd edib ki, Azərbaycanın məhz bu təşəbbüsə qoşulması və fəal iştirakı ölkələrimizin iqtisadi-ticari əlaqələrinin, xüsusən də “Bir kəmər, bir yol” strategiyası üzrə əməkdaşlığının böyük perspektivlərindən xəbər verir.
Komitə sədrinin birinci müavini deyib ki, gömrük xidmətinin əsas istiqamətlərindən biri də sərhəd-gömrük buraxılış məntəqələrindən keçən mallara, nəqliyyat vasitələrinə və vətəndaşlara gömrük nəzarətini tətbiq etməklə sərhəd keçidini sürətləndirməkdir. Məhz bu balansı tənzimləmək üçün həm vətəndaşın rahatlığının, həm də ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni innovasiya yönümlü layihələrə böyük üstünlüklər verilir. IT texnologiyaları vasitəsilə gömrük prosedurlarının həyata keçirilməsi istiqamətində mühüm addımlar atılır.
Qarşılıqlı iqtisadi-ticari əlaqələrin prioritet istiqamətlərindən birinin nəqliyyat-tranzit sahəsi olduğunu qeyd edən birinci müavin bu əlaqələrin daha da genişləndirilməsində Dövlət Gömrük Komitəsinin maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Gömrük Xidməti gömrük hüquqpozmaları, eləcə də qaçaqmalçılıq hallarına qarşı tədbirlərin effektiv şəkildə aparılması üçün bu sahədə də hər zaman ən müasir informasiya texnologiyalarının tətbiqinə çalışır.
Dövlət Gömrük Komitəsi sədrinin müavini İ.Babayev Azərbaycan gömrük sistemində aparılan son islahatlar, xüsusilə informasiya texnologiyaların tətbiqi ilə bağlı məlumat verib. Qeyd edib ki, DGK müxtəlif texnologiyaları və innovativ həlləri mütəmadi qaydada araşdırır və onları müxtəlif dövlət proqramları çərçivəsində digər dövlət qurumları, biznes ictimaiyyəti, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərində tətbiq edir. Sədr müavini Azərbaycan gömrük sahəsində son illər innovasiya texnologiyalarının tətbiqi və gömrük xidmətinin müasirləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. “Huawei” şirkəti ilə imzalanan niyyət protokolunun gələcəkdə IT texnologiyalarının gömrük sahəsindəki tətbiqinə mühüm şərait yaradacağına ümidvar olduğunu da deyib.
Çin ölkəmizdəki səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri V.Çunqan iki ölkə arasındakı iqtisadi münasibətlərdən bəhs edərək Azərbaycanın Çinin ənənəvi dostu və tərəfdaşı, mühüm nəqliyyat dəhlizi üzərində yerləşən strateji ölkə olduğunu bildirib. Vurğulayıb ki, son illər Azərbaycan və Çin arasında münasibətlər sağlam və sabit şəkildə inkişaf edir, iqtisadiyyat, ticarət, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq günü-gündən dərinləşir. Diplomat Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda fəal investisiya mühitinin formalaşmasını, xarici investisiyaların cəlb edilməsi istiqamətində atılan mühüm addımları yüksək qiymətləndirib.
“Huawei” şirkətinin Avropa və Asiya üzrə nümayəndəliyinin rəhbəri Janq Jijian təmsil etdiyi təşkilat haqqında ətraflı məlumat verərək şirkətinin hədəfləri, gələcək məqsədləri barədə danışıb. Yeni texnologiyaların tətbiqi ilə bağlı şirkətin gördüyü işlər haqqında məlumat verən J.Jijian Azərbaycan gömrük xidməti ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib. Şirkət nümayəndəsi Dövlət Gömrük Komitəsinin IT texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri də yüksək dəyərləndirib.
Sonda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və “Huawei Tech. Azerbaijan” MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Sənədi Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov və “Huawei Tech. Azerbaijan” MMC-nin rəhbəri Lu Canlin imzalayıblar.