İQTİSADİYYAT
Gömrük Komitəsinin jurnalistlər üçün təşkil etdiyi seminar başa çatıb
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Bakı şəhərində, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən “Azərbaycan gömrüyü: bu gün və sabahın çağırışları” mövzusunda seminar başa çatıb.
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin təşkil etdiyi ikigünlük seminarda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Seminarda komitənin mütəxəssisləri çıxış edib.
Seminarın ikinci günü, iştirakçılara DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov elektron gömrük, Azərbaycanda bu sahədə görülən işlər və dünya praktikası, sərhədkeçmə vaxtının ölçülməsi (TRS) layihəsi barədə məlumat verib.
Sonra DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi rəisinin müavini Səməd Qaralov malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə ilə bağlı təqdimat keçirib.
DGK Xarici Əlaqələr İdarəsi rəisinin müavini Kamran Cabbarlı isə jurnalistləri Azərbaycan Gömrük Xidmətinin beynəlxalq əlaqələri mövzusunda məlumatlandırıb.
Daha sonra DGK Gömrük Risklərinin Təhlili və Audit İdarəsi rəisinin müavini Razim Zamanov gömrük-biznes əməkdaşlığı, mövcud problemlər və onların aradan qaldırılması yollarından bəhs edib. Bundan başqa, sərhəd-keçid məntəqələrində baş verən sıxlıqların səbəbi və aradan qaldırılması ilə bağlı qarşılıqlı diskussiya şəraitində müzakirələr keçirilib.
Seminarın yekununda isə iştirakçılara təşəkkürnamə təqdim edilib.