CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlanıb
Bakı, 23 noyabr, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa söykənəcəyin arxa hissəsindən, qabaq sağ tərəf ayaqaltından və dinamik qutusunun içərisindən üzərində “Black Devil” yazısı olan 245 ədəd, üzərində “Sarı Jiao Pao” yazısı olan 1100 ədəd, üzərində “Football produsts” yazısı olan 400 ədəd pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.