CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən telefonlar aşkarlanıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən telefonlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Xanoba” gömrük postunda Rusiya istiqamətindən idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşının “Mercedes-Benz V220” markalı avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin ön sərnişin oturacağının altından gömrük nəzarətindən gizlədilən 1 ədəd “iPhone XS Max Space Gray 64 GB” və salonun ön panelinin hava filteri üçün nəzərdə tutulan yerin arxasında olan boşluqlardan 2 ədəd “iPhone XS Max Space Gray 256 GB”, 1 ədəd “iPhone XS Max Gold 256 GB”, 1 ədəd “iPhone XS Max Space Gray 64 GB” markalı mobil telefon aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.