CƏMİYYƏT
Gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşlar üçün əməliyyat-taktiki təlim təşkil edilib
Bakı, 17 aprel, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) xüsusi ayrılmış “Gömrük orqanlarının texniki nəzarət vasitələri” fənn xidməti otağında gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşlar üçün “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda “işgüzar oyun” formatında əməliyyat-taktiki təlim keçirilib.
Akademiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təlimdə dinləyicilər texniki-nəzarət vasitələrindən və gömrük nəzarətinin müxtəlif formalarından - sorğular, şəxsi yoxlama və sair istifadə etməklə sərnişinlər və onların yüklərində reallığa yaxın şəraitdə qaçaqmalçılıq cinayətlərinin predmeti olan əşya, maddələrin, narkotik vasitə, odlu və soyuq silah və onlara aidiyyəti olan şübhəli şəxslərin aşkar olunması ilə bağlı tədris prosesində əldə etdikləri bilikləri praktiki fəaliyyətdə nümayiş etdiriblər.
Dörd saat ərzində keçirilən təlimdə xüsusi fərqlənən əməkdaşlar qeyd edilib.
Təlimin nəticələri nəzərə alınaraq əməkdaşlara elmi-nəzəri qanunvericilik və onun tətbiqi baxımından konkret tövsiyələr verilib.
Tədbirdə Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov, akademiyanın əməkdaşları Şahin Hüseynov və Natiq Axundov iştirak ediblər.