İQTİSADİYYAT


Gömrük orqanlarının əməkdaşları təlim kurslarını tamamlayıblar

Bakı, 7 iyul, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat və İstintaq Baş İdarəsinin əməkdaşları iyunun 6-10-da və iyunun 27-dən iyulun 1-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində və Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa İttifaqının (Aİ) Hüquq-mühafizə Təlimləri Agentliyinin (CEPOL) təşkil etdiyi təlim kurslarında müvəffəqiyyətlə iştirak ediblər.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, CEPOL-un Şərq Tərəfdaşlığı (ŞT) ölkələri üçün nəzərdə tutduğu, Azərbaycanın da iştirak etdiyi, Aİ tərəfindən maliyyələşdirilən və 2020-2024-cü illəri əhatə edən “Mütəşəkkil Cinayətkarlığa qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı” (TOPCOP) layihəsi çərçivəsində təşkil edilən təlimlərə Azərbaycan gömrük xidməti orqanlarının seçilməsi və təlimlərdə iştirakı DGK-nın Akademiyası vasitəsilə həyata keçirilib.

İyunun 27-dən iyulun 1-dək “Narkotik vasitələrin qanunsuz dövriyyəsi – sintetik narkotik vasitələr” mövzusunda sub-regional (Azərbaycan və Moldova üçün) keçirilmiş təlim kursunun məqsədi Aİ Ciddi və Mütəşəkkil Cinayətkarlıq Təhdidlərinin Qiymətləndirməsinə (SOCTA 2021) uyğun şəkildə milli, sub-regional və beynəlxalq səviyyələrdə çoxsaylı tərəfdaşlar yanaşmasının uğurlu nümunələrini nümayiş etdirməklə narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində hüquq-mühafizə orqanlarının istintaq qabiliyyətləri haqqında anlayışları inkişaf etdirmək olub. DGK Əməliyyat və İstintaq Baş İdarəsinin beş əməkdaşı Gömrük Akademiyası vasitəsilə təlim kursuna cəlb edilib.

Təlim gündəliyinə uyğun olaraq, iyunun 27-də DGK Əməliyyat və İstintaq Baş İdarəsinin Xarici Əlaqələr Şöbəsinin rəisi Günər Məmmədov tərəfindən Azərbaycan gömrük xidməti orqanlarının narkotik vasitələrin və sintetik narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı uğurlu mübarizədə mütərəqqi praktikalar təlim iştirakçılarına təqdim olunub. Təlim kursu Rumıniya, Böyük Britaniya, Niderland, Polşa, Macarıstan, Ümumdünya Gömrük Təşkilatından olan nüfuzlu ekspertlər tərəfindən praktiki təcrübələrə və simulyasiyalara əsaslanaraq aparılıb. Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif edilib.

Azərbaycan gömrük xidməti orqanlarının əməkdaşlarının iştirak etdiyi digər CEPOL TOPCOP sub-regional (Azərbaycan, Gürcüstan, Moldova) təlim kursu isə “Transsərhəd əməkdaşlığı, qeyri-qanuni miqrasiya, insan hüquqlarına uyğun müsahibə üsulları” mövzusunda iyunun 6-10-da Budapeştdə keçirilib. Xüsusilə, sərhədlərarası əməkdaşlıq çərçivəsində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının əməkdaşları üçün təşkil edilən təlimin əsas mövzusu qeyri-qanuni immiqrasiya, onunla məşğul olan şəxslərin və eləcə də qeyri-qanuni miqrantların dindirilməsi zamanı insan hüquqları standartları olub. Gömrük Akademiyası tərəfindən seçilmiş Əməliyyat və İstintaq Baş İdarəsinin üç əməkdaşı təlimdə müvəffəqiyyətlə iştirak edərək kursu tamamlayıb və sertifikatlarla təltif edilib.

Xatırladaq ki, Akademiya 2021-ci ilin mayından Azərbaycanda gömrük sahəsində potensialın gücləndirilməsi və təlimlər istiqamətində TOPCOP layihəsinin tərəfdaş və koordinasiya qurumudur.

Layihənin milli əlaqələndirici qurumu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyidir (DİN). Layihə çərçivəsində iki qurumda – DGK Akademiyası və DİN Polis Akademiyasında Azərbaycanda TOPCOP layihəsi sahələrində kadr potensialının gücləndirilməsi üzrə iki əlaqələndirici şəxs təyin edilib.

Gömrük Akademiyasının TOPCOP tərəfdaşlığı nəticəsində Azərbaycanın gömrük xidməti orqanlarının əməkdaşları layihə çərçivəsində həyata keçirilən müxtəlif kurslar, modullar, seminarlar, vebinarlar və təlimlərdə iştirak hüququ qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.