İQTİSADİYYAT
Gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalarla mübarizəyə dair təlimlər keçirilib
Bakı, 24 may, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) “Qırmızı Körpü”, “Böyük Kəsik”, “Sadıxlı” və “Mazımqara” gömrük-sərhəd buraxılış məntəqələrində “Xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlərə dair Təlimat”ın təqdimatı və maarifləndirici təlimlər baş tutub.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, beşgünlük təqdimat və təlimləri DGK-nın Tibbi Xidmət İdarəsi Sanitar-Karantin Xidmətinin rəis müavini Namiq Məmmədov və Xidmətin həkim-statisti Natiq Zülfüqarov keçiriblər.
Maarifləndirici təlimlərdə gömrük sərhədində əks-epidemik tədbirlər, fərdi qoruyucu vasitələrdən istifadə qaydaları, xüsusi təhlükəli infeksiyaya yoluxmaya şübhəli bilinən şəxslərin izolyasiyası barədə məlumatlar verilib. Təlimlərin sonunda iştirakçıların sualları cavablandırılıb və onlara maarifləndirici çap materialları paylanılıb.
Bununla yanaşı, “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsinin baş müfəttişləri üçün “Təməl həyata dəstək” adlı beşgünlük təlim kursu da təşkil edilib. Təlimi DGK Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin baş müfəttişi, Amerika Ürək Assosiasiyasının təlimatçı sertifikatına sahib olan Əli Məmmədov aparıb.
“Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlərə dair Təlimat” DGK-nın sərəncamı ilə təsdiqlənib və gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı həyata keçirilən əks-epidemik tədbirləri tənzimləyir. Bu sənəd sanitariya nəzarətini həyata keçirən baş müfəttişlərin xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik fəaliyyətini, o cümlədən DGK Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidməti tərəfindən bu fəaliyyətin əlaqələndirilməsi istiqamətində zəruri məsələləri də tənzimləyir.
Təlimatda yoluxmaya şübhəli bilinən şəxslərin müəyyənləşdiyi zaman görüləcək tədbirlər, təxliyə marşrutu və qurumlararası məlumat mübadiləsi əksini tapıb. DGK-nın Tibbi Xidmət İdarəsi Sanitar-Karantin Xidmətinin təlim-tədris planına əsasən, bütün gömrük-sərhəd buraxılış məntəqələrində bu kimi təlimlərin keçirilməsi planlaşdırılır.