CƏMİYYƏT
Gömrükçülər 304 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar
Bakı, 28 noyabr, AZƏRTAC
Gömrükçülər 304 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan gömrükçüləri narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar daha bir uğurlu əməliyyat tədbiri həyata keçirib. Belə ki, külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçməklə İrandan Ukraynaya aparılması cəhdinin qarşısı alınıb. Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Biləsuvar gömrük postunda Ukrayna vətəndaşı Haievskyi Leonidin idarə etdiyi “Reno” markalı, AI9452HI/AI9425XK dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib. Həmin nəqliyyat vasitəsində olan 560 rulon “süni dəri” yükünün Azərbaycandan tranzit keçməklə İranın “Hadyeh Golbaf Jahan Co.” şirkətindən Ukraynanın “Limited Liability Company Kasrik Ukraine LLC” şirkətinin ünvanına aparılması nəzərdə tutulub. Lakin baxış zamanı yük avtomobilinin qoşqusunda 560 rulon “süni dəri” yükünün 288 ədədinin hər birinin daxilindəki silindr formalı karton borunun içərisində olan digər karton borunun üzərinə yapışqanlı lentlə sarınmış polietilen paketlərdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 304 kiloqram 154 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.