CƏMİYYƏT


Gömrükçülər 545 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində növbəti uğurlu əməliyyatını həyata keçirib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Ukraynaya yük avtomobilində külli miqdarda narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə məlumat daxil olub. Həmin əməliyyat məlumatı əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İranın Astara şəhərindən Ukraynanın Xarkov şəhərinə “yemiş” yükü aparan Azərbaycan vətəndaşı Allahverdi İman oğlu Məmmədovun etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz” markalı, 99BF868/99ZD868 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi saxlanılıb. Gömrük yoxlamasından öncə adıçəkilən vətəndaş idarə etdiyi yük avtomobilində müvafiq sənədlərdə göstərilən “yemiş” yükündən başqa, gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı xidməti it avtomobilin qoşqusuna reaksiya verib. Qoşquda olan 26 ədəd paletdə qablaşdırılan “yemiş” yükü boşaldılıb və xidməti itin tətbiqi ilə yenidən yoxlanılıb. Bu dəfə isə xidməti it əsasən 10 ədəd paletə reaksiya verib və həmin paletlərdə olan yüklər əsaslı yoxlanılıb. Yoxlama zamanı 10 paletdə olan 720 ədəd yeşikdə 526 ədəd bağlama aşkarlanıb. Bu bağlamalar “örtücü mal” qismində istifadə olunmaq məqsədilə yığılan “yemişlərin” altından çıxarılıb. Bağlamaların içərisində isə preslənmiş halda, spesifik qoxu ilə müşayət olunan, açıq-qəhvəyi rəngli, qablaşdırma ilə birlikdə ümumi çəkisi 545 kiloqram 105 qram təşkil edən narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü Məmmədov Allahverdi İman oğlu Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Xatırladaq ki, Azərbaycan gömrük orqanları son üç gün ərzində 826 kiloqram 54 qram heroin aşkarlayıb və həmin narkotik vasitələrin Avropanın qara bazarında dəyəri 50 milyon avrodan çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.