CƏMİYYƏT
Gömrükçülər iki fakt üzrə 2 milyon Rusiya rublu aşkarlayıb
Bakı, 13 yanvar, AZƏRTAC
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda “Şıxlı” sərhəd-nəzarət buraxılış məntəqəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat zamanı Azərbaycandan Gürcüstana səyahət edən 2 nəfər Azərbaycan Respublikası vətəndaşının üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı həmin şəxslərdən birinin ayaqqabılarının içərisindən gömrük nəzarətindən gizlədilən, gömrük orqanına əvvəlcədən bəyan edilməyən 1 milyon Rusiya rublu, digərinin üzərindəki gödəkcənin cibindən isə sellofan paketdə bükülü vəziyyətdə 400 min Rusiya rublu aşkar edilib.
“Sınıq Körpü” gömrük postunda aşkar edilən daha bir valyuta qaçaqmalçılığı faktı üzrə isə Gürcüstana səyahət edən Azərbaycan Respublikası vətəndaşının üzərindəki gödəkçənin cibindən gömrük nəzarətindən gizlədilən 600 min Rusiya rublu aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.