CƏMİYYƏT
Gömrükçülər psixotrop maddə aşkarlayıblar
Bakı, 10 iyun, AZƏRTAC
Gömrükçülər psixotrop maddə aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda Azərbaycandan tranzit keçməklə İrandan Qazaxıstana “tekstil” yükü aparan “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. Bu zaman sürücü üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirib. Şəxsi yoxlama zamanı isə onun üzərindəki gödəkcənin içəri cibindən kağız dəsmalda, şüşə boru və sellofan kəsiyinə bükülmüş halda, xalis çəkisi 0,675 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkarlanıb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.