İQTİSADİYYAT
Gömrükçülərə texniki nəzarət vasitələrinin tətbiqinə dair seminar keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində “Axtarış və eyniləşdirmə texniki nəzarət vasitələri” mövzusunda seminar keçirilib.
Seminarın açılış mərasimində Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatların əsas hədəflərindən biri də gömrük nəzarətinin təkmilləşdirilməsinə nail olmaqla beynəlxalq ticarətin və sərhədkeçmə proseslərinin sürətləndirilməsi, təhlükəsizliyin maksimum səviyyədə təmin edilməsidir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkəmizin gömrük orqanlarının ən müasir texniki nəzarət vasitələri ilə təchiz edildiyini vurğulayan Cavad Qasımov seminarın bu vasitələrdən istifadəyə dair mühüm məlumatların əldə edilməsinə şərait yaradacağını diqqətə çatdırıb.
Seminarda bütün sərhəd-gömrük keçid məntəqələrinin nümayəndələri iştirak edib.
İştirakçılara gömrük nəzarətində texniki nəzarət vasitələrinin rolu və əhəmiyyəti, axtarış və eyniləşdirmə texniki nəzarət vasitələrinin ümumi izahı, metal analizatorunun, narkotik və partlayıcı müəyyənləşdirmə cihazının, radiasiya aşkarlama cihazının və digər texniki nəzarət vasitələrinin istifadə qaydaları barədə məlumat verilib, praktiki məşğələlər keçirilib.