REGİONLAR
Goranboy rayonunda şəhid ailələri ziyarət olunub
Bakı, 19 oktyabr, AZƏRTAC
Goranboy rayonunun Qızılhacılı qəsəbəsində və Zeyvə kəndində Vətən müharibəsi şəhidləri Elşən Kərimovun, Elxan Rəsulovun, Fuad Məhərrəmovun, Suqovuşan-Ağdərə-Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşən və Goranlı kəndində dəfn olunan İxtiyar İlqaroğlunun anım mərasimləri keçirilib.
AZƏRTAC xəbər verir ki, xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil olunan mərasimlərdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Ağalar Vəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, onların xatirəsi ehtiramla yad edilib və qəbirlərinin önünə tər güllər qoyulub.
Sonra Zeyvə kəndində “Şəhidlər” xatirə-bulaq kompleksinin açılışı olub.
Şəhidlərin ailə üzvləri ilə keçirilən görüşlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsinin ildönümünün qalib xalqımız tərəfindən qürur və fəxarətlə qeyd olunduğu, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb.
Bildirilib ki, bilavasitə cəbhə bölgəsində yerləşən Goranboy rayonunun həmişə dövlətçiliyimizə sədaqəti ilə seçilən sakinləri müharibə dövründə fədakarlıq göstərərək Qələbəmizə layiqli töhfələr veriblər.
Qeyd edək ki, Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Elşən Kərimov, Elxan Rəsulov, Fuad Məhərrəmov və İxtiyar İlqaroğlunun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və onlar “Vətən uğrunda” medalı ilə təltif ediliblər.
Həyatı və döyüş yolu hörmətlə xatırlanan şəhidlərin ailə üzvləri onlara göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.