MƏDƏNİYYƏT
Görkəmli Azərbaycan rəssamı Cavad Mircavadovun əsəri məşhur “Sotbis” hərrac evində satışa çıxarılacaqdır
Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 25-də məşhur “Sotbis” hərrac evində növbəti satış keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Sotbis” hərrac evinin rəsmi internet səhifəsində Skandinaviya kolleksiyaçısının şəxsi kolleksiyasından seçilmiş, görkəmli Azərbaycan rəssamı, Əməkdar İncəsənət Xadimi Cavad Mircavadovun “Şərq miniatürləri improvizasiyası” silsiləsindən 1985-86-cı illərə aid “Məkkəyə səyahət” (205x150 sm, kətan, yağlı boya) adlı əsərinin hərraca çıxarılacağına dair məlumat yer almışdır. Verilən məlumata görə, əsərin qiyməti 80-112 min ABŞ dolları məbləğində müəyyən edilmişdir.
Azərbaycan incəsənət tarixində yeni istiqamətin banisi kimi tanınan Cavad Mircavadov 1923-cü il yanvarın 19-da Bakıda anadan olmuşdur. Rəssam ilk rəngkarlıq əsərini 1967-ci ildə yaratmışdır. Cavad Mircavadovun yaradıcılığı formaca müasirdir, məzmunca isə milli incəsənətin ənənələrinə əsaslanır. Rəssamın obraz və süjetlər aləmi həyat, ölüm, xeyir və şər, bəzən yüksək emosionallıq, qadın və kişi başlanğıcının vəhdəti və əksliyi kimi bəşəri dəyərlərdir. Cavad Mircavadov 1992-ci iyunun 24-də vəfat etmişdir.
2012-ci ildə Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəssamın 90 illik yubiley sərgisi təşkil olunmuşdur.
2013-cü ilin martında “Sotbis” hərrac evi tərəfindən Londonda təşkil olunmuş “Yol ayrıcında” (“At the Crossroads”) adlı sərgidə Azərbaycan rəssamlarının əsərlərinin nümayişi və satışının həyata keçirilməsi, bu dəfə isə Cavad Mircavadovun əsərinin hərraca çıxarılması və ona yüksək qiymət təyin edilməsi dünyanın nüfuzlu kolleksiyaçılarının, incəsənət ictimaiyyətinin Azərbaycan təsviri sənətinə artmaqda olan marağının göstəricisidir.