MƏDƏNİYYƏT
Görkəmli bəstəkarın yeni kitabının təqdimatı keçirilib
Bakı, 19 mart, Zərəngiz Mansurova, AZƏRTAC
Martın 19-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar Qara Qarayevin əsərlərindən ibarət “Qara Qarayev. Dram tamaşalarına musiqidən fraqmentlər” not məcmuəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, layihənin müəllifi və kitabın bədii redaktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova bəstəkarın 100 illiyinə həsr olunmuş kitabda toplanan materialların bu günədək heç bir yerdə çap olunmadığını söyləyib.
Bəstəkarın şagirdləri və davamçıları, Əməkdar İncəsənət xadimləri - Zemfira Qafarova, İmruz Əfəndiyeva, Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova Qara Qarayevin çoxşaxəli yaradıcılığından, bir müəllim, pedaqoq və insan kimi unudulmaz xarakterindən söhbət açıblar.
Bildirilib ki, kitabda görkəmli bəstəkarın əsasən Moskva səhnələrində nümayiş olunan tamaşalara yazdığı musiqi əsərləri toplanıb. Natiqlər bu əsərlərin əhəmiyyətindən danışarkən dərslik kimi istifadə olunmasının vacib olduğunu bildiriblər.
Sonda gənc musiqiçilərin ifasında böyük bəstəkarın əsərlərindən nümunələr səsləndirilib.