ELM VƏ TƏHSİL


Görkəmli dilçi alim Vilayət Əliyevin 80 illik yubileyi qeyd olunub

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, ADPU rektorunun müşaviri, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Vilayət Əliyevin 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları, ölkənin tanınmış ziyalıları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, rektor Cəfər Cəfərov professor Vilayət Əliyevin elmi-pedaqoji fəaliyyətindən söz açıb. Qeyd edib ki, Vilayət Əliyevin 80 illik yubileyinin keçirilməsi Azərbaycan elmi, təhsili və ictimai-siyasi həyatı üçün xüsusi önəm kəsb edir. Çoxsaylı kitabların, məqalələrin müəllifi olan Vilayət Əliyev bu sahələrdə öz sözünü layiqincə demiş bir alim-ziyalıdır.

Rektor, 80 illik yubileyi münasibətilə və universitetdə uzun illər səmərəli elmi-pedaqoji fəaliyyətinə görə professor Vilayət Əliyevə təşəkkürnamə təqdim edib.

Tədbirdə filologiya fakültəsinin dekanı Buludxan Xəlilovun professor Vilayət Əliyevin elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti ilə bağlı məruzəsi dinlənilib. Məlumat verilib ki, Vilayət Əliyev 1960-cı illərdən dilçilik sahəsində fəaliyyət göstərir. Onun elmi tədqiqatları Azərbaycan dilçiliyi və türkologiya ilə bağlıdır. Ümumilikdə 200-dən çox elmi məqalənin və ”Azərbaycan dilində felin təsriflənməyən formaları”, “Məsdər”, “Azərbaycan dilində feli sifət”, “Azərbaycan dilində felin perifrastik formaları”, “Toponimika”, “Azərbaycan toponimiyası”, “Heydər Əliyevin dil siyasəti” kitablarının müəllifidir. AMEA-nın nəşr etdirdiyi üçcildlik “Müasir Azərbaycan dili” əsərinin müəlliflərindən biridir. Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının üzvü olub.

Professor Vilayət Əliyevin dilimizin keşiyində dayanan, onun imkanlarına hörmətlə yanaşan, dilimizi mənəvi sərvətimiz kimi dəyərləndirən alimlərdən olduğunu deyən Buludxan Xəlilov görkəmli alimin yeni əsərləri ilə Azərbaycan dilçilik elminə dəyərli töhfələr verəcəyinə əminliyini bildirib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli vurğulayıb ki, professor Vilayət Əliyev Azərbaycanda dövlət və dil siyasətinin həyata keçirilməsinə elmi fəaliyyəti ilə nümunə göstərən şəxsiyyətlərdən biridir. Onun elmi tədqiqatlarının Azərbaycan dilçiliyi və türkologiya ilə bağlı olduğunu deyən akademik qeyd edib ki, görkəmli alim özünün elmi məktəbini formalaşdırıb. Onun yetirmələri ölkəmizin elmi tədqiqat institutlarında, təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi və təbliği məşğul olurlar.

YAP Səbail rayon təşkilatının sədri, Mili Məclisin deputatı, professor Şəmsəddin Hacıyev, ədliyyə nazirinin müavini, general-polkovnik Məhərrəm Əliyev, Milli Məclisin deputatları Hadi Rəcəbli, Fazil Mustafa və başqaları professor Vilayət Əliyevin görkəmli dilçi alim, milli ruhlu, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən vətənpərvər ziyalı olduğunu vurğulayıblar.

Tədbirdə yubilyara Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının fəxri fərmanı və “Veteran həmrəyliyi” medalı, həmçinin “Zəngəzurun səsi” qəzetinin fəxri diplomu təqdim edilib.

Sonda professor Vilayət Əliyev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.