ELM VƏ TƏHSİL
Görkəmli pedaqoq Sabir Quliyevin 80 illik yubileyi qeyd edilib
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli alim-pedaqoq, pedaqoji elmlər doktoru, professor Sabir Quliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə tanınmış alimlər, incəsənət xadimləri, ziyalılar iştirak ediblər. ADPU-nun rektoru, professor Cəfər Cəfərov S.Quliyevin elmi yaradıcılığına göstərilən diqqətin təqdirəlayiq hal olduğunu bildirib. Rektor deyib ki, həyatda dərin iz qoymuş insanlara layiq olduqları qiymətin verilməsi böyük mənəvi əhəmiyyət kəsb edir.
Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlıq fakültəsinin dekanı, dosent Laçın Həsənova professor S.Quliyevin həyat və fəaliyyətindən danışıb. O, alimin respublikamızda ilk dəfə musiqi müəllimliyi ixtisasının yaranmasında, musiqi pedaqogikasının inkişafında, ümumtəhsil məktəbləri üçün milli musiqi kadrlarının hazırlanması sahəsində xidmətlərini diqqətə çatdırıb.
Musiqi və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zemfira Abdullayeva “Musiqi pedaqogikasına həsr olunmuş şərəfli ömür” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə Milli Məclisin deputatı Ağacan Abiyev, professorlar Fərrux Rüstəmov, Minarə Dadaşova, Tamilla Kəngərlinskaya və digər çıxış edənlər S.Quliyevlə bağlı xatirələrini bölüşüb, alimin elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndiriblər.
Konfransda S.Quliyevə həsr edilmiş “Musiqi pedaqogikasına həsr olunmuş şərəfli ömür” kitabının təqdimatı keçirilib.
Sonda alimin qardaşı Nizami Quliyev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.