ELM VƏ TƏHSİL
Görkəmli türk yazıçısı Əhməd Həmdi Tanpınarın xatirəsi anılıb
Bakı, 15 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə türk ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Əhməd Həmdi Tanpınarın xatirəsini anma tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov görkəmli yazıçı Əhməd Həmdi Tanpınarın yaradıcılığının əhəmiyyətindən, türk ədəbiyyatındakı rolundan danışıb. Bildirilib ki, Əhməd Həmdi Tanpınar türk dünyasının məşhur yazarlarından biridir.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı Anar, AYB-nin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev ədibin ömür yolundan bəhs edib, yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.
Cəmiyyətdə təhsilin mühüm rolunu xatırladan natiqlər gənclərə təhsildə yüksək nailiyyətlər qazanmağı tövsiyə ediblər.
Tədbirdə Əhməd Həmdi Tanpınarın həyat və yaradıcılığı ilə bağlı videoçarx nümayiş olunub.
Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Makbule Koçak tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Sonra Yunus Əmrə İnstitutu tərəfindən keçirilən “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Qaliblərin sırasında AZƏRTAC-ın müxbiri Zərəngiz Mansurova da var.
Tədbir iştirakçıları yazıçının kitablarından ibarət sərgi ilə də tanış olublar.