REGİONLAR
Görüblər ki, əli əyri deyiləm, ondan sonra ancaq mənimlə əməkdaşlıq edirlər – açar ustası VİDEO
Qazax, 28 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazaxda yaşayan 71 yaşlı açar ustası Abdulla Bayramov 30 ilə yaxındır açarların bərpası, bağlı qapıların açılması, zədəli, işlək olmayan kilidlərin təmiri ilə məşğul olur.
AZƏRTAC xəbər verir ki, heç bir usta yanına getmədən bu işi öyrənən A.Bayramov yalnız öz bacarığına arxalanaraq, tanınmış sənətkarlardan birinə çevrilib. Qazaxda onu tanımayan insan yoxdur. Hətta qonşu rayonlardan da onun yanına açar düzəltməyə gələnlər az deyil.
Tovuz, Qazax, Ağstafa rayonlarında yerləşən banklarda zədələnmiş kilidlərin, bağlı qalmış seyflərin açılması yalnız ona etibar edilir. “Məni çox sınaqdan keçiriblər. Görüblər ki, əli əyri deyiləm. Ondan sonra ancaq mənimlə əməkdaşlıq edirlər”, - deyə usta bildirib.
Abdulla kişiyə başqa məqsədlərlə də açar sifariş vermək istəyənlər olub. Lakin o, heç vaxt rəsmi çəkilmiş, plastilin üzərinə qəlib kimi salınıb yanına gətirilən açarları təmir etməyib.
Müştəriləri müxtəlif açarlar, fərqli kilidlər gətirdiyindən usta iş prosesinin də maraqlı keçdiyini bildirir. Açar ustası internetdən də faydalanır. Belə ki, boş vaxtlarında axtarış verib başqalarının təcrübəsindən də yararlanır.