REGİONLAR
Gövdəsindən süpürgə, dənindən və yarpaqlarından yem kimi istifadə olunur
Ağstafa, 16 sentyabr, AZƏRTAC
Məişətdə yüz illərdir insanların istifadəsində olan süpürgənin qərb bölgəsində yığımına başlanılıb. Bu il məhsulun bol olduğunu deyən torpaq sahibləri gəlirli kənd təsərrüfatı bitkisinin həm dənindən yem kimi heyvandarlıqda, həm də gövdəsindən süpürgə kimi istifadə edirlər.
AZƏRTAC xəbər verir ki, əsil adı “sorqo” olan, lakin məişətdə hamının “süpürgə” kimi tanıdığı bu dənli bitki qərb bölgəsində əsasən Qazax və Ağstafa rayonlarında becərilir. Bu bitkinin demək olar ki, tullantı hissəsi yoxdur. Gövdəsindən süpürgə, dənindən isə yem kimi heyvandarlıq və quşçuluqda geniş istifadə edilir. Yarpaqları da mal-qara yemi üçün əlverişlidir. Bir sözlə, sorqo min bir əziyyət hesabına ərsəyə gəlsə də, gəlirli bitki sayılır. Süpürgəni əsasən əl əməyi ilə sahədən toplayan kənd sakinləri bu il məhsulun bol olduğunu deyirlər.
Fermer Səday Qocayev AZƏRTAC-a deyib: “İki hektar sahədə sorqo yetişdirmişəm. Yarısı biçilib, yarısı da 3-4 günə biçiləcək. Məhsuldarlıq da yaxşıdı”.
Süpürgənin qiyməti isə hazırda yerli bazarlarda alıcılara 1.80-2 manata təklif olunur.
Qeyd edək ki, Qazax rayonunda süpürgə əsasən Çaylı kəndində, Ağstafada isə Kürqırağı yaşayış məntəqələrində becərilir. Bir hektar sahədən 2 tonadək məhsul toplamaq mümkündür ki, bu da təxminən 2 min ədəd süpürgə deməkdir. Suya və istiyə davamlı olan bitkinin üstün cəhətlərindən biri də qurudulduqdan sonra saxlanıldıqda onun 3-4 il xarab olmadan keyfiyyətlini qoruya bilməsidir.